Boks yığmamız yeni baş məşqçi ilə ilk toplanışda

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Arena.az xəbər verir ki, yığmamız bu gün yeni baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Bakı Boks Mərkəzində hazırlığa start verib.

Təcrübəli mütəxəssis məşqlərə Azərbaycan birinciliyində fərqlənən 50-yədək boksçu çağırıb. Məşqçilər korpusu müəyyən müddətdən sonra onlar arasından seçim edərək yeni komanda formalaşdıracaq.

Hazırlıqlar hələlik gündə bir dəfə keçirilir. Növbəti həftələrdən məşqlərin sayı artırılacaq.

Baş məşqçi Elbrus Rzayevin sözlərinə görə, sınaq döyüşlərindən sonra hər bir çəki dərəcəsində minimum 2 ən güclü boksçu ilə hazırlıq keçməyi planlaşdırır.

Təlim-məşq toplanışı aprel 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.