Boks: Zeynəb və Ümiddən İtaliyada uğurlu start

Boks üzrə Azərbaycan millisinin daha üzvü İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb.

Arena.az xəbər verir ki, Zeynəb Rəhimova (54 kq) 1/32 finalda əlcəzairli Fatma Zohra Hadjala ilə döyüşüb.

Qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Rəhimova rəqibini 3:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib.

Yığma üzvü növbəti qarşılaşmada ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.

Ümid Rüstəmov (57 kq) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib.

Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.

Xatırladaq ki, yarışın ilk günündə boksçumuz Nicat Hüseynov (51 kq) da qələbə qazanaraq mərhələ adlayıb.

Turnirin üçüncü günündə boks millimizin daha 2 üzvü rinqə çıxacaq.