BOKS

Boks: Bu idman növü hələ beş min il bundan əvvəl Misir və Babilistanda mövcud olan yumruq döyüşü əsasında inkişaf edib. Oxşar idman növü Eramızdan əvvəl 688-ci ildə antik Olimpiya oyunlarının proqramına daxil edilib. İlk Olimpiya çempionu adına yunanıstanlı Onamastus layiq görülüb. Məşhur riyaziyyatçı və filosof Pifaqor da sözügedən idman növü üzrə antik Olimpiya oyunlarının qaliblərindən olub. Arxeoloji qazıntılar nəticəsində Əlcəzairdə tapılan vaza üzərindəki rəsmlər onu göstərir ki, yumruq döyüşü qədim dövrlərdə Afrikanın cənubunda da özünə pərəstişkarlar tapıb. Müasir boks 18-ci əsrin əvvəllərində İngiltərədə təşəkkül tapıb. 16 avqust 1743-cü ildə İngiltərə çempionu Cek Broton ilk qaydalar toplusunu – Broton qaydalarını hazırlayıb. 1867-ci ildə Markiz Kuinsberrinin yeni yarış qaydaları qəbul olunub. Bundan sonra boks idman növü kimi inkişaf etməyə başlayıb.

1924-cü ildə Beynəlxalq Həvəskar Boks Federasiyası (FİBA) yaradılıb. Bu təşkilat 1946-cı ildən AİBA adlanmağa başlayıb. İlk Avropa çempionatı 1924-cü ildə təşkil olunub. Dünya çempionatı isə bundan 50 il sonra – 1974-cü ildə keçirilib. 1991-ci ilə kimi dünya çempionatları hər 4 ildən bir keçirilirdi. Bundan sonra mundial iki ildən bir təşkil olunmağa başlayıb.

Boks Azərbaycanda 20-ci əsrin əvvəllərində təşəkkül tapıb. 1924-cü ildə Azərbaycan Boks Federasiyası (ABF) təsis edilib. Azərbaycan idmançılatının beynəlxalq döyüşləri isə 20-ci illərin sonlarına təsadüf edir. Respublikamızda bu idman növünün inkişafında SSRİ-nin Əməkdar İdman Ustası, tanınmış məşqçi Abbas Ağalarovun adı ilə bağlıdır. Boksdakı əsas uğurlarımız isə müstəqillik illərinə təsadüf edir. ABF AİBA-nın tam hüquqlu üzvü olduqdan sonra idmançılarımız Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında çıxış etməyə başlayıblar.

Olimpiya oyunlarında boksçularımızın ilk uğuru 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasına təsadüf edir. Planetin ən böyük yarışında 75 kq çəki dərəcəsində mübarizə aparmış Vüqar Ələkbərov bürünc medala layiq görülüb. 2003-cü ildə Banqokda təşkil olunmuş Dünya çempionatı Azərbaycan boksşuları üçün uğurlu olub. 54 kq çəki dərəcəsində Ağası Məmmədov bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, hələ ki, Dünya çempionatları tarixində yeganə qızıl medalımızdır.