“Bolonya” Mixaylo İliçi heyətinə qatdı

A Seriyası təmsilçisi “Bolonya” Belqrad “Partizan”ının serb mərkəz müdafiəçisi Mixaylo İliçi tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Transfer sözügedən kluba 4,5 milyon avro məbləğində başa gəlib. Serb müdafiəçi ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Mixaylo İliç futbola Serbiyanın “Yaqodina” klubunda qədəm qoyub və buradan “Partizan”ın futbol akademiyasına keçərək əsas komandaya qədər tərəqqi edib.

Cari mövsümün ilk yarısında Mixaylo İliç “Partizan”ın heyətində 22 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Mixaylo İliçin qənimətlər muzeyində “Partizan”ın U-19 komandası ilə qazandığı Serbiya çempionluğu var.

Mixaylo İliç Serbiyanın U-19 və U-21 yığmalarında çıxş edib, əsas komandaya dəvət alsa da, hələ debüt etməyib.

“Transfermarkt” internet-portalı 20 yaşlı serb müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Bolonya” öz mərkəz müdafiəçisi Kevin Bonifazini də “Frozinone”yə icarəyə verib. 27 yaşlı italyan futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. Onun öz klubu ilə müqaviləsi isə 2025-ci ilin 30 iyununa qədərdir.

Bolonyanın eyniadlı təmsilçisi Bonifazini 2021-ci ilin yayında SPAL-dan 5,85 milyon avro qarşılığında heyətinə qatıb. O, bu komandanın heyətində 41 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Kevin karyerası ərzində SPAL, “Udineze”, “Syena”, “Torino”, “Kasertana”, “Benevento” kimi klublarda da forma geyinib, İtaliyanın U-21 yığmasında 7 oyun keçirib.