İtaliyanın “Bolonya” komandasına yeni baş məşqçi təyin olunub. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Tyaqo Motta çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Motta bir neçə gün öncə istefaya göndərilmiş Sinişa Mihayloviçi əvəz edib. Serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub. “Bolonya” hazırda 6 turdan sonra 6 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Komanda yeganə qələbəsini Mihayloviçin gedişindən sonra, 2 gün əvvəl “Fiorentina” ilə ev oyununda qazanıb – 2:1.
Xatırladaq ki, Tyaqo Motta son olaraq ötən mövsüm “Spetsiya”nı çalışdırıb. İtaliya yığmasının Braziliya əsilli sabiq yarımmüdafiəçisi, A Seriyasında “Cenoa”ya da rəhbərlik edib.
Yeri gəlmişkən, “Bolonya” heyətinə yeni futbolçu cəlb edib. Sözügedən klub Almaniya Bundesliqasında mübarizə aparan “Hoffenhaym”ın Ştefan Poşu icarəyə götürüb. Avstriyadan olan 25 yaşlı futbolçu bu mövsümün sonunadək A Seriyasında mübarizə aparacaq. O, 2017-ci ildən oynadığı “Hoffenhaym”da 126 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Mərkəz müdafiəçisi daha öncə öz ölkəsində “Admira Vakker”in formasını geyinib. O, Avstriya yığmasında da 11 oyun keçirib, 1 qola imza atıb.
“Bolonya” sol cinah müdafiəçisi Mitçell Deyks və sağ cinah müdafiəçisi İbrahima Mbaye ilə də yollarını ayırıb. Deyks Niderlandın “Vitess” klubuna keçib və 1+1 illik müqaviləyə imza atıb. Mbaye isə azad agent statusundadır və karyerasını harada davam etdirəcəyi bilinmir.