“Bordo” texniki məğlubiyyət aldı, Liqa 1-ə yüksələ bilmədi

Fransa Futbol Federasiyası Liqa 2-də mübarizə aparan “Bordo”ya “Rodez”lə yarımçıq qalmış oyundakı olaylara görə texniki məğlubiyyət verib.

Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Liqa 2-nin sonuncu – 38-ci turunun oyunu birinci hissədə baş verən xoşagəlməz hadisəyə görə dayandırılmışdı. “Rodez”in yarımmüdafiəçisi Luk Buadenin qolundan sonra bordolu bir azarkeş qol sevinci zamanı tribunadan gələrək oyunçunu vurmuşdu. Bundan sonra futbolçu meydandan xərəkdə aparılmışdı.

Fransa Futbol Federasiyasının İntizam Komitəsi baş verən bu hadisəyə görə Bordonin eyniadlı təmsilçisinə texniki məğlubiyyət verib. Halbuki, Liqa 1-ə yüksəlməyə çox yaxın olan bu komandaya növbəti mövsümdən elitada oynamaq üçün “Rodez” üzərində qələbə hava-su kimi lazım idi.

“Bordo”nun texniki məğlubiyyət alması nəticəsində Liqa 2-də ikinci pilləni 72 xal toplamış “Mets” komandası tutub. Beləliklə, 75 xalla çempion olmuş “Havr” və ikinci olan “Mets” növbəti mövsümdən Liqa 1-də oynamaq hüququ qazanıb. “Bordo” isə 68 xalla üçüncü pillədə qalıb və növbəti mövsümü yenə Liqa 2-də keçirəcək. Liqa 2-ni tərk etmək təhlükəsi ilə üz-üzə olan “Rodez” də bu qərar sayəsində sözügedən liqada qalmağı bacarıb.

Xatırladaq ki, Liqa 1-i 2022/2023 mövsümünün yekunlarına görə “Oser” (35 xal), “Ayaçço” (25 xal), “Trua” (24 xal) və “Anje” (18 xal) komandaları tərk ediblər. Elitaya isə cəmi iki komanda yüksəlib. Çünki Fransa çempionatı 2023/2024 mövsümündə 20 yox, 18 komandanın iştirakı ilə keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: