“Borussiya” yeni baş məşqçisinin adını açıqladı

Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Daniel Farke çalışdıracaq.

Bu barədə Bundesliqa klubunun rəsmi saytı yayıb. Alman mütəxəssislə müddəti 2025-ci ilin iyununa kimi davam edəcək müqavilə imzalanıb. O, ötən ay istefaya göndərilmiş Adi Hütteri əvəz edib.

Daniel Farkenin son iş yeri Rusiyanın “Krasnodar” komandası olub. Lakin o, bu ilin əvvəlində müqavilə bağladığı bu komandanı rəsmi matça çıxarmadan istefa vermişdi. Buna Rusiyanın Ukrayna ərazisində qarşı hərbi əməliyyatlara başlaması səbəb olmuşdu. 45 yaşlı mütəxəssis əvvəllər İngiltərənin “Norviç Siti”, Dortmund “Borussiya”sının ikinci komandasının, eləcə də “Lippştadt”ın da baş məşqçisi olub.

“Borussiya” Almaniya Bundesliqasında 2021/22 mövsümünü 18 komanda arasında 10-cu pillədə başa vurub.