Borxa Mayoral “Real”ı “Xetafe”yə dəyişdi

İspaniyalı hücumçu Borxa Mayoral Madrid “Real”ından ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu La Liqanın digər təmsilçisi “Xetafe”yə transfer olunub.

Bu barədə hücumçunun yeni klubu məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar. “Xetafe” bu transfer üçün paytaxt klubuna 10 milyon avro ödəyəcək.

Borxa Mayoral “Real”ın öz yetirməsidir. O, 2015-ci ildən Madrid təmsilçisinin əsas komandasında oynamağa başlayıb. Lakin o, bu komandada cəmi 33 oyun keçirib, 7 qol vurub. Hücumçu “Volfsburq”, “Levante” və “Roma” kimi klublarda icarədə oynayıb. Mayoral geridə qalan mövsümün ikinci hissəsini də məhz “Xetafe”də icarədə keçirmişdi. O, burada 18 oyuna 6 qol vurub.

“Xetafe”nin digər transferləri:

Luis Milla. 27 yaşlı ispan yarımmüdafiəçi “Qranada”dan transfer olunub və 5 illik müqaviləyə imza atıb. Madrid “Atletiko”sunun yetirməsi “Reyes”, “Rayo Valyekano”, “Fuenlabrada” və “Tenerife”də də oynayıb.

Dominqos Duarte. 27 yaşlı mərkəz müdafiəçisi də “Qranada”dan gəlib. Portuqaliyadan olan futbolçu 4 illik müqavilə bağlayıb. Portuqaliya yığmasında da 3 oyun keçirmiş müdafiəçi, 2019-cu ildən “Qranada”da forma geyinirdi. O, əvvəllər “Sportinq”, “Belenenseş”, “Çaves” və “Deportivo”nun da uğurları üçün çalışıb.

Fabrisio Angileri. 28 yaşlı argentinalı yarımmüdafiəçi “River Pleyt”dən transfer olunub və 4 illik müqaviləyə imza atıb. Peşəkar karyerasına “Qodoy Krus”da başlamış futbolçu, 2018-ci ildən “River Pleyt”də çıxış edirdi.

Xayme Seoane. 25 yaşlı ispan futbolçu “Hueska”dan transfer olunub və 3 illik müqavilə bağlayıb. Madrid “Real”ının yetirməsi olan yarımmüdafiəçi, 2019-cu ildən “Hueska”da çıxış edirdi. O, bir müddət “Luqo”da da icarədə oynayıb.

“Xetafe” öz oyunçularından Xonatan Silva (28 yaş, Argentina, sol cinah müdafiəçisi) və Erik Kabakonu (27 yaş, Uruqvay, mərkəz müdafiəçisi) “Qranada”ya, Cek Harperi (26 yaş, Şotlandiya, hücumçu) “Herkules”ə, Dario Povedanı (25 yaş, İspaniya, hücumçu) “İbitsa”ya icarəyə verib.

Çema (30 yaş, İspaniya, müdafiəçi), Ruben Yanes (28 yaşı, İspaniya, qapıçı), İqnasi Migel (29 yaş, İspaniya, müdafiəçi) və Migel Anxel (24 yaş, İspaniya, müdafiəçi) isə “Xetafe”dən birdəfəlik ayrılıb. Çemanın klubu bəlli deyilsə, Migel Anxellə İqnasi Migel “Qranada”ya transfer olunub. Ruben Yanes isə “Malaqa”ya keçib.