Bakı Olimpiya Stadionunun (BOS) ərazisindəki VAR Mərkəzi 2025-ci ilin fevral ayının 1-nə qədər fəaliyyətini dayandırıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək.
Bu səbəbdən 2024/2025 mövsümündə Azərbaycan Kuboku və Azərbaycan Premyer Liqasında keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar nəqliyyat vasitəsi ilə mümkün olacaq.
Xəbərdə o da bildirilir ki, AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var. Buna baxmayaraq, AFFA ötən mövsümlərdə olduğu kimi, Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacağını bəyan edib.
Qeyd edək ki, Azərbaycanda yeni futbol mövsümünə bu gün start veriləcək. Premyer Liqamızın 2024/2025 mövsümünün açılış matçında “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edəcək. “Dalğa Arena”da baş tutacaq bu görüşə saat 20:00-da start veriləcək.