“Botafoqo” tarixində 3-cü dəfə Braziliya çempionu oldu

Rio-de Janeyro təmsilçisi “Botafoqo” klubu futbol üzrə Braziliya A Seriyasının 2024-cü il mövsümünün qalibi adını qazanıb.

Arena.az məlumat verir ki, “Foqu” sonuncu, 38-ci turda “San Paulo” üzərində 2:1 hesablı qələbə qazanaraq, Braziliya çempionu olub.

Sözügedən komanda mövsümü 79 xalla zirvədə başa vurub. Bu, “Botafoqo”nun Braziliya çempionatında 3-cü zəfəridir. Sonuncu dəfə “Tənha ulduz” 1995-ci ildə – 29 il öncə Braziliya çempionu olmuşdu. İlk dəfə isə “Foqu” 1968-ci ildə Braziliya çempionatının qalibi olub.

Xatırladaq ki, ötən, 2023-cü il mövsümündə “Botafoqo” Braziliya A Seriyasında qalibiyyətə iddialı olsa da, son turlarda ardıcıl surətdə büdrəyərək, qəniməti əldən vermişdi.

Bu mövsüm isə “Foqu” nəinki ölkə çempionluğu, hətta qitənin ən mötəbər klub yarışı Libertadores Kubokunu qazanmağı bacarıb və gələn mövsüm Libertadores Kubokunun qrup mərhələsində iştirak edəcək. Həmçinin “Foqu” 2025-ci il FIFA Klub Dünya Kubokunda iştirak edəcək.

Braziliya A Seriyasının 2024-cü il mövsümünün gümüş mükafatçısı “Palmeyras” (73 xal), bürünc mükafatçısı isə “Flamenqo” (70 xal) olub. 4-cü yeri “Fortaleza” (68 xal), 5-ci yeri “İnternasyonal” (65 xal), 6-cı yeri “San Paulo” (59 xal) tutub. Bu klublar növbəti mövsüm Libertadores Kubokunun qrup mərhələsində iştirak edəcəklər.

Müvafiq olaraq 7-ci yeri və 8-ci yeri tutmuş “Korintians” (56 xal) və “Baiya” (53 xal) növbəti mövsüm Libertadores Kubokunun ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.

“Kruzeyro” (52 xal), “Vasko da Qama” (50 xal), “Vitoryia” (47 xal), “Atletiko Mineyro” (47 xal), “Fluminense” (46 xal) və “Qremio” (45 xal) müvafiq olaraq 9-14-cü yerləri tutmaqla növbəti mövsüm Cənubiamerikan Kubokunun qrup mərhələsinə vəsiqə qazanıblar.

15-ci “Juventude” (45 xal) və 16-cı “Braqantino” (44 xal) A Seriyasındakı yerlərini qoruyub-saxlamağa müvəffəq olublar.

17-ci “Atletiko Paranaense” (42 xal), 18-ci “Krisiuma” (38 xal), 19-cu “Atletiko Qoiyaniense” (30 xal) və 20-ci “Kuyaba” (30 xal) klubları isə B Seriyasına yuvarlanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: