Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Arena.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 2 cüdoçusu medallar uğrunda mübarizə aparıb.
Kişilər arasında -73 kq çəkidə İbrahim Əliyev və Rəşid Məmmədəliyev tatamiyə çıxıblar.
İbrahim Əliyev ilk qarşılaşmada məğlub olub və mübarizəni erkən dayandırıb.
Rəşid Məmmədəliyevin çıxışı isə nisbətən daha uğurlu alınıb. İdmançımız yarımfinala qədər irəliləsə də, bu raundda Özbəkistan təmsilçisi Şakram Ahadova uduzub. Bu üzdən də o, bürünc medal uğrunda görüşdə iştirak edib. Rəşid bürünc medal uğrunda Amerika Birləşmiş Ştatlarından olan Cek Yonezuka ilə üz-üzə gəlib. Bu rəqibinə qalib gələn Məmmədəliyev bürünc medal qazanıb.
Xatırladaq ki, yarışın ilk günündə Leyla Əliyeva (48 kq) da bürünc medal qazanmışdı.
Azərbaycan Əbu-Dabidəki “Böyük Dəbilqə” turnirində 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.


