Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb. Arena.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan 23 yaşlı idmançımız mübarizəyə 1/16 finaldan başlayıb.
O, startda almaniyalı Moritz Plafki ilə üz-üzə gəlib. Bu rəqibini məğlub edən azərbaycanlı cüdoçu ardınca türkmənistanlı Hakberdi Cumayevi də üstələyib. Lakin 1/4 final mərhələsində yerli idmançı – Dostan Ruziyev Yusifov üçün keçilməz olub. Cüdoçumuz bu məğlubiyyətin əvəzini təsəlliverici raundda Özbəkistanın digər idmançısı Zamoşari Bekmurodovdan çıxıb. Əhməd həlledici görüşdə gürcüstanlı idmançı Luxum Çxvimayani ilə üz-üzə gəlib. Bu rəqibinə də qalib gələn Əhməd Yusifov turnirin bürünc medalını qazanıb.
60 kq çəki dərəcəsindəki digər təmsilçimiz Rövşən Əliyevin mübarizəsi isə uğursuz alınıb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz elə startdaca qazaxıstanlı Nurkanat Serikbayevə məğlub olub və turnirlə vidalaşıb.
66 kq çəki dərəcəsindəki təmsilçilərimiz – Kamran Süleymanov və Ruslan Paşayev də turniri uğursuz başa vurublar. Onlar yalnız bir mərhələ adlamaqla kifayətləniblər. Süleymanov estoniyalı Vilcar Liparda, Paşayev almaniyalı Lennart Slamberqerə qalib gəlib. Lakin onlar 1/8 final səddini aşa bilməyiblər. Kamran Süleymanov fransalı Valid Xyara, Ruslan Paşayev isə braziliyalı Villian Limaya məğlub olub.
Beləcə, Azərbaycan yığması “Böyük Dəbilqə”nin ilk gününü bir medalla başa vurub. Yığmamızın daha iki üzvü – Nəriman Mirzəyevlə Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) mübarizəyə sabah qoşulacaqlar.