Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunmuş cüdo üzrə növbəti “Böyük Dəbilqə” turnirinə start verilib.
Arena.az xəbər verir ki, ilk gündə Azərbaycanın 8 cüdoçusu mübarizə aparıb.
Onlardan 4-ü qadınların, 4-ü isə kişilərin yarışında qüvvəsini sınayıb. Yalnız Acelya Toprak və Ruslan Paşayev öz çəki dərəcələrində yarışa 1/32 finaldan qoşulublar. Digər cüdoçularımız isə 1/16 finaldan çıxış etməyə başlayıblar. Onlardan yalnız ikisinin çıxışı nisbətən uğurlu alınıb.
Əksər cüdoçularımız mübarizəni elə ilk görüşlərindəcə dayandırmalı olublar. Yalnız Balabəy Ağayev (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) bürünc medal uğrunda görüşə çıxmaq hüququ qazanıblar. Balabəy Ağayev yarımfinalda, digər iki idmançımız isə 1/4 finalda rəqiblərinə məğlub olublar.
Balabəy Ağayev üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşvili ilə qarşılaşıb. Hansı ki, Sardalaşvili təsəlliverici dueldə millimizin digər üzvü Turan Bayramovu üstələmişdi. Rəqibinə qalib gələn Balabəy bürünc medala sahib çıxıb.
Ruslan Paşayev isə italiyalı Matteo Pirasla qarşılaşıb. O da bu rəqibindən üstün olub və yığmamıza növbəti bürünc medalı qazanıdırıb.
Rəşad Yelkiyev isə braziliyalı Villian Lima ilə görüşdə məğlub olaraq medalsız qalıbı.
Turnirin ilk günündə mübarizə aparan qadın cüdoçular Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Acelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) uğursuz nəticə göstəriblər.
Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.