“Böyük dəbilqə”: Azərbaycan cüdoçuları Bakıda 7 medal qazandılar

Bakıda təşkil olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Arena.az xəbər verir ki, noyabrın 5-də başlamış yarışda Azərbaycan 33 cüdoçu (25 kişi, 8 qadın) ilə təmsil olunub.

Kişilər arasında təşkil olunan yarışda Azərbaycanı bu cüdoçular təmsil edib:

60 kq: Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov

66 kq: İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov, Tofiq Məmmədov

73 kq: Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Rüfət Məmmədov

81 kq: Elcan Hacıyev, Ömər Rəcəbli, Kərim Məmmədov, Hasil Cəfərov

90 kq: Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev

100 kq: Adil Kərimli, Ruslan Nəsirli

+100 kq: Kənan Abdullaxanlı, Uşangi Kokauri, Camal Feyziyev, Hüseyn Məmmədov.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli və Südabə Ağayeva (70 kq) medallar uğrunda yarışıblar.

1 qızıl, 2 gümüş, 4 bürünc medal

Azərbaycan cüdoçularından ən yaxşı nəticəni Orxan Səfərov (66 kq) göstərib. O, ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Yevgeni Qonçarkonu məğlub edən idmançımız finala vəsiqə qazanıb. Orxan Səfərov qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieruya ipponla qalib gələrək “Böyük dəbilqə”nin qalibi olub.

Digər cüdoçumuz Məmmədəli Mehdiyev də yarışda əzmlə mübarizə aparıb. 90 çəki dərəcəsində çıxış edən idmançımız ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib. Cüdoçumuz həlledici final qarşılaşmasında yaponiyalı Kosuke Maşiyama ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə cərimə xalları hesabına məğlub olan Məmmədəli Mehdiyev gümüş medala layiq görülüb.

Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev (57 kq) da komandamıza gümüş medal qazandırıb. Xanım idmançımız əvvəlcə Rafaela Silva (Braziliya), daha sonra Mina Lieberini (Belçika) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə o, Pauline Starke (Almaniya) üzərində qələbə qazansa da, finalda Momo Tamaokiyə (Yaponiya) məğlub olaraq ikinci pillədə qərarlaşıb.

Digər cüdoçularımızdan Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) isə bürünc medal qazanıb. Beləcə, Azərbaycan millisi “Böyük dəbilqə” turnirində 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub və ümumi komanda hesabında dördüncü pillədə qərarlaşıb.

Bakıdakı “Böyük dəbilqə” turnirində bütövlükdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) medallar uğrunda yarışırdı.