“Böyük Dəbilqə”: Heydərovla Mehdiyev qızıl medal qazandı

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilib. Arena.az xəbər verir ki, fevralın 17-də start verilən və 34 ölkədən 300-ə yaxın idmançının qatıldığı yarışa bu gün yekun vurulub.

Yarışın ilk günündə üç cüdoçumuz qüvvəsini sınasa da, onlardan yalnız biri fəxri kürsüyə qalxmağı bacarıb.

60 kq-da mübarizə aparan Kəramət Hüseynov ilk cəhdində braziliyalı Rayan Konseysaonu “ippon” fəndi ilə üstələyib. İkinci sınağında Monqolustan idmançısı Sumiyabazar Extayvanı vazari xalı ilə mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinala çıxıb. Kəramət bu mərhələdə Qazaxıstan cüdoçusuna uduzaraq, qızıl medal qazanmaq şansını itirib. O, zədələndiyi üçün qazaxıstanlı Maqjan Şamşadinlə “bürünc” uğrunda qarşılaşmada iştirak etməyib. Nəticədə texniki məğlubiyyət alan Hüseynov 5-ci yerlə kifayətlənib.

Bu çəkidəki digər həmyerlimiz Balabəy Ağayev startda Matan Kokolayevlə (İsrail) dueldən qalib ayrılıb. O, növbəti mərhələdə Monqolustan idmançısına uduzduğu üçün təsəlliverici görüşə qatılıb. Amma tatamidən yenə də məğlub ayrılan Ağayev mükafatçılar sırasında yer ala bilməyib.

66 kq-da yarışan Yaşar Nəcəfov ilk görüşdə Yevgeni Qonçarko (Ukrayna) üzərində qələbə qazanıb. O, 1/8 finalda İsrail cüdoçusu Eylon Barşeşeti məğlub edərək, növbəti mərhələyə yüksəlib. Yarımfinal uğrunda mübarizədə isə Yaşar ispaniyalı Martin Qayterodan güclü olub. Ardından Xerlen Ganboldu mübarizədən kənarlaşdıran Nəcəfov finala çıxıb. Cüdoçumuz qızıl medal uğrunda israilli Barux Şmailovla qarşılaşıb və bu dəfə tatamidən məyus ayrılıb. Beləcə, Yaşar Azərbaycan yığmasına gümüş medal qazandırıb.

Yarışın ikinci günündə Azərbaycanın daha bir təmsilçisi tatamiyə çıxıb. 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov mübarizəyə 1/8 final mərhələsindən qoşulub. 24 yaşlı Avropa çempionu startda Oron Giner (İsrail) ilə qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən cüdoçumuz növbəti mərhələyə yüksəlib. O, ikinci duelində almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu dəfə də təmiz qələbə qazanan Heydərov yarımfinala adlayıb. Burada isə yerli idmançı Tohar Batbalı “ippon”la yenən cüdoçumuz qızıl medal uğrunda görüşdə mübarizə aparmaq hüququ qazanıb. Onun həlledici görüşdəki rəqibi Obidxon Nomonov (Özbəkistan) olub. Finalda əsas vaxtda hesab açılmayıb. Əlavə vaxtda qızıl xalla qalib gələn Heydərov çempion olub.

9 cüdoçudan 4 medal

Yarışın sonuncu günündə daha 5 cüdoçumuz mübarizə aparıb. 90 kq çəki dərəcəsində Rüfət İsmayılov 1/16 finalda Uşanqi Marqiani (Gürcüstan) ilə qarşılaşıb. Bu görüşdə məğlub olan idmançımız turnirlə erkən vidalaşıb. Eyni çəkidəki Məmmədəli Mehdiyevin çıxışı isə uğurlu alınıb. O, mübarizəyə 1/8 finaldan qoşulub. 29 yaşlı idmançı bu mərhələdə Nadav Zurat (İsrail) ilə üz-üzə gəlib və qələbəyə sevinib. Cüdoçumuz 1/4 finalda Yersultan Muzapparova (Qazaxıstan), yarımfinalda isə Erlan Şerova (Qırğızıstan) da qalib gəlib. Mehdiyevin qızıl medal uğrunda qarşılaşmadakı rəqibi Nemanya Maydova (Serbiya) olub. Rəqibinə qızıl xal bölümündə qalib gələn Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin qalibi olub.

100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarı (Monqolustan), Elmar Qasımov isə Robert Florentinonu (Dominikan Respublikası) məyus edib. Növbəti mərhələdə Azərbaycan cüdoçuları bir-birinə rəqib olub. Kotsoyev 1/4 finalda Qasımovu məğlubiyyətə uğratsa da, yarımfinalda İlya Sulamanidzenin (Gürcüstan) müqavimətini qıra bilməyib. O, bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gəlib. Bu rəqibinə qızıl xal bölümündə qalib gələn idmançımız bürünc medala sahib çıxıb. Qasımov isə təsəlliverici görüşdə Eduard Serbana (Rumıniya) uduzub.

100 kq-dan yuxarı çəkidəki Uşanqi Kokauri 1/8 finalda Onise Buqadzeyə (Gürcüstan) məğlub olub və medalsız qalıb.

Beləcə, Azərbaycan yığması bu turniri 4 medalla (2 qızıl, 1 gümüş, 1 bürünc) başa vurub. Azərbaycan millisi bu göstərici ilə 34 ölkə arasında 2-ci yeri tutub. Ümumi hesabda birinci yeri 4 qızıl, 4 bürünc medalla Fransa tutub. Gürcüstan isə 2 qızıl, 1 gümüş medalla üçüncü olub. Digər tərəfdən, Azərbaycan yığması kişilərin yarışında birinci yeri tutub. Gürcüstan 2 qızıl medalla ikinci, İsrail isə 1 qızıl, 2 bürünc medalla üçüncü olub.

Xatırladaq ki, millimiz “Böyük Dəbilqə”yə 10 kişi cüdoçu ilə yollanmışdı. Lakin İsrailə yollanan Rüstəm Orucovdan yarışdan öncə götürülmüş koronavirus testi pozitiv çıxdığı üçün o, tatamiyə çıxa bilməyib.