“Böyük Dəbilqə”: Kamran Süleymanov Astanada 3-cü oldu!

Azərbaycan cüdoçusu Kamran Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda mübarizədə milli komandamızın digər üzvü Ruslan Paşayevlə qarşılaşıb.

Rəqibini üstələyən Kamran Süleymanov Azərbaycana yarışda ilk medalı qazandırıb. Nəticədə Ruslan Paşayev yarışı 5-ci yerdə tamamlayıb.

Qeyd edək ki, “Böyük Dəbilqə”nin ilk günündə Azərbaycanın bütövlükdə 7 cüdoçusu 4 çəki dərəcəsində mübarizə aparıb.

Kişilərin yarışında Əhməd Yusifov (60 kq) da bürünc medala yaxın olub. Amma o, üçüncülük uğrunda görüşdə Yeldos Smetova (Qazaxıstan) uduzub. Ruslan Paşayev kimi, Əhməd Yusifov da 5-ci yerlə kifayətlənib. 60 kq-da mübarizə aparan digər cüdoçumuz Nazir Talıbovun çıxışı daha uğursuz alınıb.

Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) da finala yüksələ bilməyib. O, bürünc medal uğrunda türkiyəli Tucer Bederlə qarşılaşıb və məğlub olaraq 5-ci yeri tutub.

Xanım cüdoçularımızdan Acelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) də fəxri kürsüdə yer almağı bacarmayıblar.

Qeyd edək ki, üç gün davam edəcək turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.

Azərbaycan milli komandası Astanaya bütövlükdə 15 cüdoçu ilə yollanıb. Sabah Rəşid Məmmədəliyev və Vüsal Qələndərli (hər ikisi 73 kq), həmçinin Ömər Rəcəbli ilə Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq) mübarizəyə qoşulacaq. Yarışın son günündə isə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal qazanmağa çalışacaqlar.