Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil edilmiş cüdo üzrə ənənəvi “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu yarış günündə möhtəşəm çıxış edən Azərbaycan milli komandasının 4 üzvü fəxri kürsüyə qalxıb.
Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Murad Fətiyev finalda ikiqat Olimpiya çempionu Laşa Bekaurini (Gürcüstan), Kənan Nəsibov isə həlledici görüşdə Olimpiya və dünya mükafatçısı Alişer Yusupovu (Özbəkistan) məğlub edib.
Zelim Kotsoyev (-100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc medal qazanıblar.
Xatırladaq ki, daha əvvəl Əhməd Yusifov (-60 kq) və Ömər Rəcəbli (-81 kq) də qızıl medal qazanmışdılar. Balabəy Ağayev (-60 kq) isə gümüş medala sahib çıxmışdı.
Yekunda 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 7 medal qazanmış Azərbaycan “Böyük Dəbilqə”yə qatılmış 39 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin yarışında isə birinci yeri tutub.


