Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində cüdo üzrə növbəti beynəlxalq “Böyük Dəbilqə” turnirinə start verilib. Arena.az xəbər verir ki, Azərbaycan millisi də bu turnirdə 13 cüdoçu ilə təmsil olunur.
Yarışın ilk günündə 5 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında 60 kq çəkidə Kəramət Hüseynov və Turan Bayramov, 66 kq-da isə Kamran Süleymanov medallar uğrunda mübarizə aparıblar. Kəramət Hüseynovla Kamran Süleymanov mübarizəni erkən dayandırıblar. Əvəzində Turan Bayramovun çıxışı uğurlu alınıb. Yarımfinalda qazaxıstanlı cüdoçu Kanat Seilxana qalib gələn cüdoçumuz finala çıxıb. Turan finalda Gürcüstan təmsilçisi Georgi Sardalaşvili ilə dueldən də qalib ayrılaraq qızıl medal qazanıb.
Qadınlar arasında isə ilk gündə Leyla Əliyeva (-48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi -52 kq) və Fidan Əlizadə (-57 kq) güclərini sınayıblar. Leyla Əliyeva, Aydan Vəliyeva və Fidan Əlizadə startda uduzaraq mübarizəni erkən dayandırıblar. Gültac Məmmədəliyevanın çıxışı isə uğurlu alınıb. O, təsəlliverici görüşdə belçikalı Amber Rayheulu məğlub edib. Nəticədə bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanan cüdoçumuz həlledici görüşdə çinli Yeqing Ju ilə üz-üzə gəlib. Məmmədəməliyeva onu da yenərək yarışı üçüncü sırada başa vurub.
Martın 26-na qədər davam edəcək “Böyük Dəbilqə” turnirində bütövlükdə 62 ölkədən 400-dən çox idmançı iştirak edir. Yarışda Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alır.


