“Böyük Dəbilqə”: Vüqar Talıbov da Antalyada 2-ci oldu

Azərbaycan cüdoçusu Vüqar Talıbov Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yalnız finalda büdrəyib.

Vüqar Talıbov həlledici görüşdə yaponiyalı Sanşiro Muraoya uduzub.

Bu gün tatamiyə çıxan digər cüdoçularımız – Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal qazana bilməyiblər.

Beləliklə, Azərbaycan yığması yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) də gümüş medal qazanmışdı.

Azərbaycan yığma komandası Antalyadakı “Böyük Dəbilqə” turnirində 6 çəki dərəsində 9 idmançı ilə təmsil olunub. Cüdoçulara mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və məşqçi Rüstəm Alimli rəhbərlik ediblər.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alıb.