Braim Dias Mərakeş yığmasını seçdi

İspaniya vətəndaşlığını daşıyan, “Real”ın hücumameyilli yarımmüdafiəçisi Braim Dias Mərakeş yığmasında çıxış edəcək.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Mərakeş yığmasının qarşıdakı yoldaşlıq oyunlarına çağırıla bilər.

Vurğulanır ki, hazırda Mərakeş Kral Futbol Federasiyası (FRMF) bütün lazımi sənədləri hazırlayır. Millinin baş məşqçisi Valid Reqraqi Braim Diasa komandasında əsas rol oynayacağını vəd edib.

Xatırladaq ki, Braim Malaqada (İspaniya) anadan olub, amma Diasın valideynləri mərakeşəsillidirlər.

Braim Dias İspaniya yığmasının heyətində cəmi 1 yoldaşlıq oyunu keçirib. 2021-ci ilin iyun ayının 8-də Dias Litva yığması ilə yoldaşlıq oyununda meydana çıxıb və “qırmızı qəzəb”in 4:0 hesabı qalib gəldiyi oyundan qollardan birinin müəllifi olub.

Vurğulayaq ki, daha əvvəl İspaniya yığmasının da Diası yenidən heyətinə cəlb etmək niyyətində olduğu haqda xəbərlər yayılmışdı. Mütəxəssislər belə hesab edirlər ki, Mərakeş yığmasında Dias daha böyük imkanlar əldə edə bilər və komandanın liderliyini əlinə ala bilər.

Braim Dias “Malaqa”da futbola qədəm qoyub. Buradan “Mançester Siti” akademiyasına yol tapmış Braim 2019-cu ilin yanvarında “Real” tərəfindən alınıb. “Kral klubu” Diası bir müddət “Milan”da icarədə oynadıb və tərəqqi etmiş futbolçusunu ötən ilin yayında yenidən heyətinə qaytarıb.

Cari mövsümdə Dias “Real”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

Braim Diasın qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, “Milan”la İtaliya A Seriyası çempionluğu, “Real”la İspaniya La Liqası çempionluğu, İspaniya Super Kuboku (2 dəfə) var.

“Transfermarkt” internet-portalı 24 yaşlı mərakeşəsilli ispaniyalı hücumameyilli yarımmüdafiəçi Braim Diasın transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.