Branko van den Bomen “Tuluza”nı “Ayaks”a dəyişdi

Niderlandlı yarımmüdafiəçi Branko van den Bomen Fransa 1-ci Liqasında mübarizə aparan “Tuluza” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu ölkəsinin “Ayaks” klubuna transfer olunub.

Bu barədə “Ayaks”ın rəsmi saytı məlumat yayıb. Tərəflər iyulun 1-dən qüvvəyə minəcək və 2027-ci ilə qədər qüvvədə olacaq 4 illik müqaviləyə imza atıblar. Futbolçunun “Tuluza” ilə müqaviləsinin müddəti 30 iyuna bitəcəyi üçün “Ayaks” Fransa klubuna pul ödəməyəcək.

Xatırladaq ki, Branko van den Bomen elə “Ayaks”ın yetirməsidir. O, vaxtilə bu klubun əvəzedicilərində, “Eyndhoven”, “Herenven”, “Villem II”, “De Qrafşap” kimi komandalarda top qovub. Yarımmüdafiəçi 2020-ci ilin avqust ayından formasını geyindiyi “Tuluza”da 120 oyun keçirib, 23 qol və 45 məhsuldar ötürmə müəllifi olub.

“Tuluza”da digər niderlandlı yarımmüdafiəçi Steyn Spirinqs, kapitan Brext Deyaqer və qapıçı Maksim Düpe də Liqa 1 təmsilçisindən ayrılmağa qərar verib. Onların hamısının müqavilə müddəti 30 iyuna qədərdir və klub yeni sözləşmə imzalanmayacağını bəyan edib. Komandadan ayrılacaq futbolçuların hər birinə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

2020-ci ildə “Nant”dan “Tuluza”ya keçən 30 yaşlı Maksim Düpe bu komandada 115 oyun keçirib, 130 qol buraxıb, 43 “quru” oyun keçirib.

Brext Deyaqer 2021-ci ilin iyulunda “Gent”dən transfer olunduğu Liqa 1 klubunda 100 oyun keçrib, 9 qol və 15 qolla yadda qalıb. 32 yaşlı yarımmüdafiəçinin kapitanı olduğu bu komandadan ayrılandan sonra karyerasını harada davam etdirəcəyi bilinmir.

Steyn Spirinqs də “Tuluza”ya Sofiya “Levski”sindən, 2020-ci ilin oktyabr ayında gəlmişdi. 27 yaşlı yarımmüdafiəçi bu komandada 111 oyunda meydana çıxıb, 15 qol və asist müəllifi olub.

Yeri gəlmişkən, Branko van den Bomeni transfer edən “Ayaks” da iyunun sonunda müqaviləsinin müddəti bitəcək Florian Qilliçlə vidalaşmağa qərar verib. Avstriyadan olan 27 yaşlı futbolçu ilə müqavilə yenilənməyəcək. O, 2022-ci ilin yayında Almaniyanın “Hoffenhaym” klubundan ayrılaraq “Ayaks”la müqavilə bağlamışdı. Avstriya yığmasının üzvü Niderland təmsilçisində 18 oyun keçirib. Daha öncə Almaniyada “Verder”in də uğurları üçün çalışmış futbolçu Avstriya millisində 35 oyuna 1 qol vurub.