“Braqa” – “Qarabağ” matçı danimarkalı hakimlərə tapşırıldı

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Braqa” və “Qarabağ” arasında keçiriləcək ilk oyunun hakim təyinatları bəlli olub.

Arena.az xəbər verir ki, UEFA Portuqaliyada keçiriləcək bu oyunu Danimarkadan olan hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanın baş hakimi Morten Kroq olacaq. Ona yan xətt hakimləri Vollenberq Rasmussen və Steffen Bramsen kömək edəcək. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.

VAR hakimlərindən biri Yonas Hansendir. Digər VAR hakimi isə Niderlandı təmsil edən Rob Dleperink olacaq.

Qeyd edək ki, Morten Kroq karyerası ərzində üçüncü dəfə “Qarabağ”ın matçına təyinat alıb. 35 yaşlı referi daha əvvəl bir dəfə baş hakim, bir dəfə isə əlavə köməkçi hakim qismində Ağdam klubunun qarşılaşmasında ədalət təmsilçiləri arasında olub.

Kroq ilk dəfə bu turnirin 2018/2019 mövsümünün qrup mərhələsində İngiltərə “Arsenal”ı ilə səfər görüşündə əlavə köməkçi rolunu oynayıb. Londondakı oyunda ev sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Danimarkalı 2021/2022 mövsümündə də Avropa Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ” – “Omoniya” (Kipr) qarşılaşmasında baş hakim olub. 2:2 hesabı ilə nəticələnən matçda Azərbaycan klubunun heyətində Musa Qurbanlı, Toral Bayramov və Kadi Borges sarı vərəqə alıblar.

Ümumiyyətlə, Morten Kroq ölkədaxili yarışlar da olmaqla, karyerası ərzində 300-ə yaxın qarşılaşma idarə edib.

Xatırladaq ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab qarşılaşmasına saat 21:45-də start veriləcək.