Futbol üzrə Honduras milli komandasının və “Portland Timbers”in yarımmüdafiəçisi Brayan Akosta “Qaziantep”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Azad agent statusuna malik futbolçu ilə bu mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Brayan Akosta 2023-cü ildən formasını geyindiyi “Portland Timbers”də cəmi 7 oyuna çıxıb və 1 assistlə yadda qalıb. O, MLS-də “Dallas” və “Kolorado”nun, İspaniyada “Tenerife”nin də formasını geyinib. Honduras yığmasında 66 oyun keçirmiş 30 yaşlı futbolçu 2 qola imza atıb.
“Qaziantep” Rumıniya yığmasının sağ cinah vingeri Deyan Soreskunu da heyətinə qatıb. 26 yaşlı futbolçu Polşanın “Rakuv” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Deyan Soresku 2022-ci ilin yanvarından “Rakuv”da çıxış edirdi. O, ötən il Rumıniyanın “Styaua” klubunda da icarədə olub. Buxarest “Dinamo”sunda da oynamış yarımmüdafiəçi Rumıniya milli komandasında 14 oyun keçirib.
“Qaziantep” üç futbolçusu ilə də yollarını ayırıb. Belə ki, hücumçular Oğulcan Çağlayan və Brayan Riaskos, sol cinah müdafiəçisi Naufel Xaçef bu komandanı tərk ediblər.
Brayan Riaskos bu mövsümün əvvəlində Ukraynanın “Metallist” klubundan icarəyə götürülmüşdü. O, məxsus olduğu kluba qayıdıb. Riaskos Türkiyə klubunun heyətində 18 oyuna cəmi 2 qol vura bilib. “Nasional”, “Oliveyrense”, “Trofense”, “Maritimo”, “Qrasshopper”, “Əl-Xalic”, “Atletiko Hulia”, “Famalikan” və “Braqantino” kimi klublarda da forma geyinmiş 29 yaşlı kolumbiyalı futbolçu 2021-ci ilin yayından “Metallist”dədir.
Naufel Xacef də bu mövsümün əvvəlində Portuqaliyanın “Tondela” klubundan “Qaziantep”ə gəlmişdi. Əlcəzairdən olan 26 yaşlı müdafiəçi Super Liqa təmsilçisində cəmi 3 oyuna çıxıb. O, daha öncə Əlcəzairin “Hüsseyn Dey” və “Bordo”nun B komandasında da çıxış edib. Xacef Əlcəzair yığmasında da 2 matça çıxıb.
Oğulcan Çağlayan “Kasımpaşa”da
Oğulcan Çağlayan da 2023-cü ilin sentyabrından “Qaziantep”də idi. 27 yaşlı forvard bu mövsüm cəmi 9 oyuna çıxsa da, qol vura bilməyib. Oğulcan daha öncə “Rizəspor”, “Kayserispor”, “Qalatasaray”, “Qaziantepspor”, “Eyüpspor”, “Kayseri Ərciyəsspor”, “Girəsunspor” və “Pendikspor”da da forma geyinib. Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Oğulcanın yeni iş yeri də məlumdur. O, Super Liqanın digər təmsilçisi “Kasımpaşa”ya keçib. Hücumçu yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.
Yeri gəlmişkən, “Kasımpaşa” da müdafiəçisi Duhan Aksu ilə yollarını ayırıb. 27 yaşlı futbolçu Super Liqa təmsilçisini Birinci Liqada mübarizə aparan “Kocaelispor”a dəyişib. Hansı ki, Kocaeli təmsilçisi bir neçə gün öncə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi də sıralarına qatmışdı.