Futbol üzrə İtaliya milli komandasının mərkəz yarımmüdafiəçisi Brayan Kristante “Roma” ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2024-cü ilin yayına qədər idi.
Xatırladaq ki, Brayan Kristante 2018-ci ilin iyul ayından “Roma”da forma geyinir. Təcrübəli yarımmüdafiəçi paytaxt təmsilçisində indiyə qədər 228 oyuna çıxıb. O, bu oyunlarda 11 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. İtaliyalı futbolçu daha öncə “Atalanta” (59 oyun, 15 qol, 6 assist), “Benfika” (20 oyun, 1 qol, 1 assist), “Peskara” (18 oyun), “Milan” (5 oyun, 1 qol, 1 assist), “Palermo” (4 oyun) kimi klublarda da forma geyinib.
İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Kristante əsas millidə də 32 oyuna çıxıb, 2 qola imza atıb.