Brayan Saraqosa “Bayern”də – Rəsmi

İspaniyanın “Qranada” klubunun sol cinah vingeri Brayan Saraqosa bundan sonra Almaniya nəhəngi “Bayern”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən məlumat verir.

Saraqosa cari mövsümün – iyun ayının sonuna qədər Almaniya nəhənginin düşərgəsində icarədə olacaq. Almanlar erkən keçidi rəsmiləşdirmək üçün ispan klubuna 4 milyon avro məbləğ ödəyiblər.

“Mən, dünyanın ən böyük klublarından biri “Bayern”ə, burada tərəqqi etmək üçün keçirəm. Birlikdə keçirdiyimiz gözəl vaxta və klubun mənim üçün etdiyi hər şeyə görə “Qranada”ya çox minnətdaram. Bunu heç vaxt unutmayacağam. İndi mən də “Bayern”də böyük dəstəyi hiss edirəm. Bundan sonra nə olacağını səbirsizliklə gözləyirəm. Qarşımıza böyük məqsədlər qoymuşuq”, “Bayern”in mətbuat xidməti Saraqosadan sitat gətirir.

Xatırladaq ki, əvvəlki razılaşmaya görə, “Bayern” artıq transfer hüquqlarına sahib olduğu Saraqosanı 2024-cü ilin iyul ayının 1-də rəsmən öz heyətinə qatmalı idi. Bu transfer üçün Almaniya nəhəngi 13 milyon avro xərc çəkmiş və Saraqosanı cari mövsümün sonuna qədər “Qranada”da oynatmaq haqda qərar qəbul etmişdi.

Amma “Bayern”in oyunçuya kəskin ehtiyac duyduğu bir məqamda almanlar Saraqosanı erkən keçidlə Münhen klubunun düşərgəsinə gətirməyi qərara alıblar.

Brayan Saraqosa “Qranada”nın yetirməsidir. Brayan “Qranada”nın əsas heyətinə düşmək uğrunda klubun futbol akademiyasının bütün yolunu keçib, həmçinin “El Exido” klubunda icarədə oynayıb.

Cari mövsümün ilk yarısında Saraqosa “Qranada”nın heyətində 21 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.

Yarımmüdafiəçi “Qranada” ilə 2022/2023 mövsümü İspaniya Sequndasının qalibi olub.

Saraqosa 2023-cü ilin oktyabrında İspaniya yığmasının heyətində debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan vingerin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.