“Brayton” Roberto De Zerbi ilə vidalaşır – Rəsmi

“Brayton”un baş məqşçisi, italyan mütəxəssis Roberto De Zerbi vəzifəsindən istefa verib və bu günlərdə “qağayılar”dan ayrılacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Vurğulanır ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. De Zerbi mayın 19-da Premyer Liqanın 38-ci turunda evdə “Mançester Yunayted”i qəbul edəcək “Brayton”un sükanı arxasında son oyununa çıxacaq.

Bundan əvvəl mətbuatda, Roberto De Zerbinin bir sıra Avropa klubları, o cümlədən “Bayern” və “Barselona”nın maraq dairəsində olması haqda məlumat yayılmışdı.

İtalyan mütəxəssis “qağayılar”dan ayrılması haqda öz fikirlərini ifadə edib:

“Brayton”dan ayrıldığım üçün çox kədərlənirəm, amma son iki tarixi mövsümdə klubdakı hər kəsin və gözəl azarkeşlərimizin dəstəyi ilə oyunçularımın və heyətimin əldə etdikləri ilə fəxr edirəm.

Klub və mən öz fikirlərimizə və baxışlarımıza, eləcə də işimizə və insani dəyərlərimizə əməl edərək hər birimizə ən uyğun surətdə işləməyə davam edə bilməyimiz üçün “Brayton”dakı vaxtımı başa vurmağa razılaşdıq.

İndi getmək mənə gələcəklə bağlı planlarıma qərar verməzdən əvvəl fasilə vermək üçün vaxt verir”, deyə De Zerbi vurğulayıb.

Roberto De Zerbi “Brayton”un sükanı arxasına 2022-ci ilin sentyabrında keçib. İtalyan mütəxəssisin “qağayılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər hesablanmışdı.

De Zerbi “Brayton”u 88 oyuna çıxarıb, 38 qələbə, 20 heç-heçə və 30 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qağayılar” 161 qol vurublar, 137 qol buraxıblar.

Cari mövsümdə De Zerbi “Brayton”u Avropa Liqasının 1/4 final mərhələsinə qədər daşıyaraq, burada “Roma”ya məğlub olub.

İngiltərə Premyer Liqasının cari mövsümündə 37 turdan sonra “Brayton” 48 xalla 10-cu pillədə qərarlaşıb.