Braziliya prezidenti Lula da Silva “Real”ın irqi təhqirlərə, ayrı-seçkiliyə məruz qalmış braziliyalı hücumçusu Vinisius Junioru dəstəkləyib.
Arena.az məlumat verir ki, cənab Lula da Silva bu barədə özünün sosial şəbəkə hesablarından biri üzərində yazı paylaşıb:
“XXI əsrdə müvafiq davranışın hələ də mövcud olması inanılmazdır. Biz Vini Junior ilə tamamilə həmrəyliyimizi bildiririk. İstedadı və bacarığına müqabilində o, irqi barbarlığın müvafiq təzahürlərinə deyil, hər cür hörmətə və heyranlığa layiqdir”, – Braziliya prezidenti vurğulayıb.
Xatırladaq ki, Lula da Silva futbola sevgisi ilə səciyyəvidir.
Bu arada Braziliya Futbol Konfederasiyası (CBF) da başda qurumun prezidenti Ednaldo Rodriges olmaqla, Braziliya millisinin futbolçusuna qarşı müvafiq irqi təhqirləri və ayrı-seçkiliyi pisləyən rəsmi bəyanatı ilə çıxış edərək, Vinisiusa dəstəyini nümayiş etdirib.
Sıravi braziliyalı azarkeşlərdən tutmuş ölkənin tanınmış adamlarına qədər çoxlu insanın Vinisusa dəstək və həmrəylik nümayiş etdirdiyi vurğulanır.
Xatırladaq ki, daha əvvəl “Real” Vinisius Juniorun irqi zəmində təhqir edilməsi və bunun mütəmadi olaraq baş verməsi ilə bağlı İspaniya prokurorluğuna rəsmi şikayətlə müraciət ünvanlayıb. Həmçinin “Real” və La Liqa UEFA-ya da şikayət ünvanlayıblar. Qətiyyətli addımlara səbəb isə Vinisiusun heç bir aidiyyatı olmayan məqamda irqi zəmində təhqir edilməsi və ünvanına ölüm təhdidləri səslənməsi ilə bağlıdır.
Söhbət Çempionlar Liqasının 1/8 finalında “Barselona” – “Napoli” (1:1, 3:1) və “Atletiko” – “İnter” (0:1, 2:1, penaltilərlə: 3:2) cavab oyunları ərəfəsində baş vermiş xoşagəlməzliklərdən gedir.
Əvvəlcə, “Barselona” – “Napoli” oyunu ərəfəsində “blauqrana”n bir dəstə azarkeşi tribunlarda aqressiv surətdə “Vinisius, öl”! şüarı səsləndirməklə, “Vinni”yə ölüm arzulayıblar.
Növbəti gün, “Atletiko” – “İnter” oyunu ərəfəsində isə “döşəkçilər”in bir yığın azarkeşi “Vinisus – şimpanzedir” deyə səs-küy salıb braziliyalı futbolçunu məsxərəyə qoyublar.