Braziliya prezidenti millinin heyəti ilə bağlı narazılığını dilə gətirdi

Braziliya prezidenti Lula Da Silva milli komandada yerli çempionatı təmsil edən futbolçuların az olmasından narazılığını ifadə edib.

Arena.az “SAPO Desporto” dərgisinin “O Povo/CBN” radiosuna istinadı əsasında cənab Da Silvanın bu barədə fikrini təqdim edir:

“Xaricdə oynayan oyunçular burada, Braziliyada oynayanlardan heç də yaxşı deyillər. Mən çoxdandır iddia edirəm ki, Braziliya millisində bu ölkədə çıxış edən futbolçular olmalıdırlar. Yerli futbolçulara imkan yaratmağa ehtiyac var.

Divanda oturub dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çili yığması ilə oyuna (2:1) baxdım. Qapıçı Edersonu, PSJ-nin mərkəz müdafiəçisi Markinyosu, Rodriqonu və Rafinyanı saç düzümlərinə görə tanıdım.

Qalan oyunçuları isə tanımırdım, belə olmamalıdır. Braziliya çempionatında, burada oynayanlara milli komandada oynamaq fürsəti verin”, deyə Braziliya prezidenti çağırış edib.

9 turdan sonra Braziliya millisi DÇ-2026-nın CONMEBOL bölgəsi üzrə seçmə mərhələsinin yarış cədvəlində 13 xalla 4-cü pillədədir.