Braziliyalı futbolçu, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda bundan snra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, “Neftçi” bu il ilk transferini həyata keçirib. Braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı futbolçu ilə 2,5 illik müqavilə bağlanıb.
Sonuncu klubu “Etnikos” (Kipr) olan Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb. O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Almeyda 2024-cü ildən formasını geyindiyi “Etnikos”da bütövlükdə 47 oyun keçirib, 6 qol və 10 assistlə yadda qalıb.
Braziliyalı sağ vinger karyerası ərzində “Portuqeza RJ”, “Fiqeyrense”, “Nova İquaçu RJ”, “Retro” və “Sampayo MA” klublarının da formasını geyinib.
Sonda onu da bildirək ki, “Neftçi” Brenonun transferi üçün “Etnikos”a 200 min avro ödəyib.


