İngiltərənin “Brentford” klubu iki futbolçu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiəçiləri Tarik Fosu və Mads Bek Sorenseni icarəyə göndərib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fosu “Roterem”ə, Sorensen isə “Qroningen”ə icarəyə verilib. Hər iki futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.
Tarik Fosu 2020-ci ilin yanvarından “Brentford”un uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 63 oyunda 5 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub. İngiltərədə dünyaya göz açmış Qana əsilli futbolçu, karyerası ərzində “Ridinq”, “Flitvud Taun”, “Akkrinqton”, “Kolçester Yunayted”, “Çarlton”, “Oksford Yunayted”, “Stok Siti” kimi klubların da formasını geyinib. O, Qana yığmasında 4 matça çıxıb, 1 qol vurub.
Mads Bek Sorensen isə 2020-ci ilin mayından “Brentford”da çıxış edir. Danimarkadan olan 24 yaşlı müdafiəçi bu komandada meydana çıxdığı 72 oyunda 4 qol vurub. O, karyerası ərzində “Horsens”, “Uimbldon” və “Nitsa”da da forma geyinib. Mərkəz müdafiəçisi Danimarkanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.