“Brentford”da Ayvan Touni şoku – Bukmekerə görə cəzalanacaq!

İngiltərə Premyer Liqasında mübarizə aparan “Brentford”un hücumçusu Ayvan Touni bukmeker kontorlarına pul qoyuluşu etməkdə ittiham olunur. Arena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı futbolçu ötən ilin sonlarında bukmeker kontorlarında çoxlu sayda pul qoyuluşları edib. İddiaya görə, futbolçu barədə 262 ittiham var. İngilis futbolçunun bu ittihamlardan əksərini qəbul etdiyi də bildirilir. Halbuki, İngiltərə Futbol Federasiyasının qaydalarına görə, futbolçuların və məşqçilərin bukmeker kontorlarında pul qoyuluşu etməsi qadağandır. Amma Touni bu qaydaları pozmaqla karyerasını təhlükəyə atıb. İndi onu çox ağır cəzalar gözləyir. Federasiyanın yaxın bir həftə ərzində onunla bağlı sərt cəzaları açıqlaması gözlənilir. Futbolçunun ən azı bu mövsümün qalan hissəsində bir daha oynamayacağı ehtimal edilir.

Xatırladaq ki, Ayvan Touni 2020-ci ilin sentyabr ayından “Brentford”un uğurları üçün çalışır. O, bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 21 oyunda 14 qola imza atıb. Bütövlükdə isə o, bu klubun heyətində 112 matça çıxıb, 62 qol və 20 məhsuldar ötürmə müəllifi olub. Touni “Piterboro Yunayted”, “Northempton Taun”, “Skantorp Yunayted”, “Uiqan”, “Şrusberi Taun”, “Barnsli”, “Nyukasl” kimi klubların da formasını geyinib.