“Brest” azarkeşlərinin avtobusu yolda daşqalaq edildi

“Brest” azarkeşləri Fransa Liqa 1-in 13-cü turunun “Monpelye” ilə səfər oyunundan qələbə ilə (3:1) qayıdarkən yolda hücuma məruz qalıblar.

Arena.az bu barədə “Brest”in rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, avtobusun xuliqanlar tərəfindən daşqalaq edilməsi nəticəsində bəzi sərnişinlər yüngül xəsarətlər alıblar. Avtobusun gövdəsi əzilib, şüşələri isə sındırılıb.

“Baş verənlər çox ciddidir. Əgər avtobusun qabağına atılan daş iki metr aşağıda düşsəydi, orada vurulan sürücü olardı və bu səbəbdən avtobus magistral yolda hərəkət edərkən qəza riski yüksək olardı. 60 pərəstişkarımızın başına gəlmiş dramı təsəvvür edə bilmirəm.
Baş verənləri daha yaxşı başa düşmək üçün bütün təhlükəsizlik qüvvələri ilə məsləhətləşəcəyik. Bir daha, bütün klub kimi, azarkeşlərimizə bütün dəstəyimi bildirmək istəyirəm və əsl faciə ilə nəticələnə biləcək belə hadisələrin davam etməsindən təəssüflənirəm”, deyə “Brest”in baş direktoru Paskal Rober bildirib.

Xatırladaq ki, Fransada müvafiq xuliqanlıq halları ilk deyil. Oktyabrın sonlarında Marsel “Olimpik”inin azarkeşləri stadionun girişində Lion “Olimpik”inin avtobusunu daşa basmışdılar. Nəticədə komandanın baş məşqçisi Fabio Qrosso və onun köməkçisi şüşə qırıqları ilə ciddi zədələnmiş, italyan mütəxəssisin yarasına tikiş vurulmuşdu. Lion “Olimpik”inin avtobusda olan digər üzvləri isə ağır sarsıntı keçirmişdilər. Vurğulayaq ki, həmin hadisədə Fransa futbol hakimiyyəti cəzasız ötüşməyi düzgün bilmişdi. Yerli mətbuatın fikrincə, bu gün Fransa futbolu “həmin toxumun bəhərini dadır”.