“Brest” Belaili ilə vidalaşdı – Fransaya uyğunlaşa bilmədiyi üçün

Fransanın “Brest” klubu yarımmüdafiəçisi Yusef Belaili ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Ayrılığa səbəb kimi Əlcəzairdən olan vingerin Liqa 1 klubuna uyğunlaşa bilməməsi göstərilib.

Klubun idman direktoru Qreqori Lorenzi bununla bağlı açıqlama da verib. O, futbolçunun ailəsi üçün darıxdığını söyləyib: “Yusef özəlliklə ailəsindən uzaqda olduğu üçün özünü yaxşı hiss etmirdi. Bu üzdən də yola davam etməsi çox çətin idi. Komandanın faydası üçün işbirliyimizə son verməyi uyğun bildik. Son günlərdə futbolçu haqqında danışılanlar isə bizi maraqlandırmayan və özəl məsələlərdir. Bu gün bizim üçün önəmli olan klubun idman durumudur”.

Yusef Belaili bu ilin yanvar ayından “Brest”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində bütövlükdə 19 matça çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. 30 yaşlı vingerin bu klubla müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədər idi.

Belaili daha öncə “Qətər”, “Əl-Əhli, “Esperans”, “Anje”, “Əlcəzair”, “Oran” kimi klubların da formasını geyinib. O, Əlcəzair yığmasında 42 oyuna çıxıb və 9 qola imza atıb.

Xəbəri istədiklərinizlə paylaşın