Britaniya polisi və “Şeffild Uensdey” xərçəngdən vəfat etmiş 6 yaşlı “Sanderlend” azarkeşi Bredli Lourini ələ salmış iki azarkeşi araşdırır.
Arena.az bu barədə BBc-yə istinadən məlumat verir.
Xatırladaq ki, Louri 2017-ci ildə vəfat edib. Bundan əvvəl Premyer Liqa xərçəngin son dərəcə aqressiv surəti olan neyroblastomadan əziyyət çəkən xəstə uşağa dəstək tədbirinə başlamışdı. Müalicə üçün 5 milyon funt-sterlinqdən çox vəsait toplanmışdı.
Cümə günü Çempionşipin 9-cu turu çərçivəsində “Şeffild Uensdey” – “Sanderlend” oyununda (0:3) tribunada əllərində Lourinin şəklini tutaraq onu ələ salan iki azarkeş diqqət çəkib.
“Şeffild Uensdey” klubunun mətbuat xidməti bu hadisə ilə bağlı bəyanat yayaraq, müvafiq əməli pisləyib və Bredli Lourinin ailəsindən və dostlarından üzr istəyib:
“Biz bu çirkin davranışı qətiyyətlə pisləyirik. Biz Bredlinin ailəsinə və dostlarına yaşadılmış ağrıya görə yalnız üzr istəyə bilərik”, – klubun bəyanatında deyilir.
Hazırda Cənubi Yorkşir polisi yaramaz əməl sahiblərinin kimliyini müəyyənləşdirməklə məşğuldur.