Brkiç: “Ən konkret təklifi “Neftçi”dən aldım”

Neftçi”nin xorvatiyalı qapıçısı İvan Brkiç Azərbaycan klubu ilə yeni müqavilə bağlaması barədə ölkəsinin mətbuatına açıqla verib.

Arena.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra “ağ-qaralar”la 2 illik yeni müqaviləyə imza atan 27 yaşlı qolkiper Bakıda xoşbəxt olduğunu bildirib:

“İndiki komandamda hər şey məni qane etdiyi üçün nəyisə dəyişməyə səbəb görmürəm. Daha 2 il burada oynamağa razılaşdım. Bir neçə yaxşı variantım olsa da, ən konkret təklifi “Neftçi”dən aldım və qalmağa qərar verdim. Halbuki, mənə hətta 5-ci liqa klublarından da təklif var idi”.

Xatırladaq ki, İvan Brkiç 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edir. O, bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub. Təcrübəli qolkiper bu görüşlərdə 47 qol buraxıb, 22 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Brkiçin uğurları üçün çalışdığı komandalar arasında “İstra 1951”, “Lokomotiva”, “İmotski”, “Çibaliya”, “Zrinski” (Mostar) və “Riqa” da var. O, vaxtilə Xorvatiyanın U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.