Brkiç “Neftçi”də qaldı – Rəsmi

Azərbaycan kubokunun finalında uduzsa da, Premyer Liqada 3-cü yeri tutan “Neftçi” qapıçısı İvan Brkiç ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Xorvatiyadan olan 27 yaşlı futbolçu ilə 2 illik yeni sözləşmə imzalanıb.

Xatırladaq ki, İvan Brkiç 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edir. O, bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub. Təcrübəli qolkiper bu görüşlərdə 47 qol buraxıb, 22 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Brkiçin uğurları üçün çalışdığı komandalar arasında “İstra 1951”, “Lokomotiva”, “İmotski”, “Çibaliya”, “Zrinski” (Mostar) və “Riqa” da var. O, vaxtilə Xorvatiyanın U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.