Türkiyənin “Fənərbaxça” klubu bu mövsümün əvvəlində Niderlandın PSV klubundan icarəyə götürdüyü Bruma ilə bağlı erkən qərar verib. Arena.az xəbər verir ki, həmin vaxt bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülmüş futbolçunun transfer hüquqları da alınıb.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bunun üçün PSV-yə 4 milyon 250 min avro ödənilib. 28 yaşlı vingerlə 2.5+1 illik müqavilə imzalanıb.
Bruma 2019-cu ildən PSV-də çıxış edirdi. Portuqaliya yığmasının sabiq üzvü 2020/21 mövsümündə Yunanıstanın “Olimpiakos” klubunda da icarədə oynamışdı. “Sportinq”in yetirməsi olan vinger, 2013-2017-ci illər aralığında “Qalatasaray”da forma geyinib. O, karyerası ərzində “Real Sosyedad” və “Leypsiq” klublarının da uğurları üçün çalışıb. Portuqaliya yığmasında 9 oyuna çıxmış futbolçu, 1 qolla yadda qalıb. Yarımmüdafiəçi bu mövsüm “Fənərbaxça”da cəmi 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.