Türkiyənin “Fənərbaxça” klubu futbol üzrə Portuqaliya milli komandasının yarımmüdafiəçisi Bruma ilə birdəfəlik vidalaşıb.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçusunu “Braqa”ya satıb.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Portuqaliya təmsilçisi bu transfer üçün “Fənərbaxça”ya 6,5 milyon avro ödəyib. 28 yaşlı futbolçu “Braqa” ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb.
Xatırladaq ki, Bruma ötən mövsümün əvvəlində Niderlandın PSV klubundan icarə əsasında “Fənərbaxça”ya keçmişdi. Lakin yanvarın 20-də Super Liqa klubu futbolçunun transfer hüquqlarını aldığını açıqlamışdı. Bunun üçün PSV-yə 4 milyon 250 min avro ödənilmiş, 28 yaşlı vingerlə 2.5+1 illik müqavilə imzalanmışdı. “Fənərbaxça”da cəmi 5 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalmış vinger, “Braqa”da 21 matça çıxıb, 4 qol vurub, 6 assist edib.
Tam adı Armindo Tue Na Banqna olan “Sportinq”in yetirməsi karyerası ərzində PSV, “Olimpiakos”, “Qalatasaray”, “Real Sosyedad”, “Leypsiq” kimi klublarda da çıxış edib. O, Portuqaliya millisində də 9 matç keçirib, 1 qola imza atıb.