Türkiyənin “Fənərbaxça” klubu futbol üzrə Portuqaliya milli komandasının yarımmüdafiəçisi Bruma ilə bağlı gözlənilməz qərar qəbul edib. Arena.az xəbər verir ki, bir neçə gün öncə Niderlandın PSV klubundan onun transfer hüquqlarını alan İstanbul təmsilçisi futbolçusunu “Braqa”ya icarəyə verib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 28 yaşlı vingerin bu mövsümün sonuna kimi ölkəsində çıxış edəcəyi açıqlanıb.
Xatırladaq ki, Bruma bu mövsümün əvvəlində Niderlandın PSV klubundan icarə əsasında “Fənərbaxça”ya keçmişdi. Lakin yanvarın 20-də Super Liqa klubu futbolçunun transfer hüquqlarını aldığını açıqlamışdı. Bunun üçün PSV-yə 4 milyon 250 min avro ödənilmiş, 28 yaşlı vingerlə 2.5+1 illik müqavilə imzalanmışdı. Bu üzdən onun cəmi 10 gün sonra “Braqa”ya icarəyə göndərilməsi bir qədər gözlənilməz oldu.
Tam adı Armindo Tue Na Banqna olan futbolçu 2019-cu ildən PSV-də çıxış edirdi. Portuqaliya yığmasının üzvü 2020/21 mövsümündə Yunanıstanın “Olimpiakos” klubunda da icarədə oynayıb. “Sportinq”in yetirməsi olan vinger, 2013-2017-ci illər aralığında “Qalatasaray”da forma geyinib. O, karyerası ərzində “Real Sosyedad” və “Leypsiq” klublarının da uğurları üçün çalışıb. Portuqaliya yığmasında 9 oyuna çıxmış futbolçu, 1 qolla yadda qalıb. Yarımmüdafiəçi bu mövsüm “Fənərbaxça”da cəmi 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.