“Mançester Yunayted”in kapitanı, 30 yaşlı portuqal hücumameylli yarımmüdafiəçi Bruno Fernandes “Əl-Hilal”a keçməyəcəyini təsdiqləyib.
Arena.az xatırladır ki, Səudiyyə Ərəbistanı nəhəngi həm Fernandesə və həm də “Mançester Yunayted”ə nəhəng ödəniş təklif edirdi.
“Prezident mənə zəng etmişdi, mən imtina etdim. Mən Ruben Amorimlə danışdım. O, məndən getməməyimi xahiş etdi. “Mançester Yunayted” məni satmaq istəmirdi. Onlara pul gərək deyil. Amma mən getmək istəsəydim, onlar bunu edərdilər” – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano portuqal futbolçudan sitat gətirir.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 57 oyun keçirib, 19 qol vurub, 19 məhsuldar ötürmə verib.
Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 290 oyun, 98 qol və 86 məhsuldar ötürmədən ibarətdir.
Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 78 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 23 məhsuldar ötürmə verib.
Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.
“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


