Bruno Fernandes: “Kristiano Ronaldo 1000-ci qola qədər gedəcək”

Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandes komanda yoldaşı, ulduz hücumçu Kristiano Ronaldo haqda söhbət açıb.

Arena.az İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən portuqal futbolçunun bu barədə fikrini təqdim edir:

“Ronaldo? O, həmişə oyuna təsir edir, oyunu başlanğıc heyətində başlayır və ya ehtiyat oyunçular skamyasından meydana çıxarır. Məşqçi oyuna hər kəsin böyük təsir göstərdiyini, amma qolu Kristianonun vurduğunu deyib. Üç gün əvvəl 900-cü qolunu vurdusa, Şotlandiya ilə oyunda 901-ci qoluna imza atdı. O, 1000-ci qola qədər gedəcək, bu, onun planlarına daxildir”, deyə Bruno Fernandes Ronaldonun ilham mənbəyinə işarə vurub.

Xatırladaq ki, Ronaldo UEFA Millətlər Liqasının Xorvatiya və Şotlandiya yığmaları ilə oyunları çərçivəsində hər iki komandanın qapısına bir qol vuraraq, futbolçu karyerası ərzində müvafiq olaraq 900-cü və 901-ci qollarını rəsmiləşdirmişdi.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 213 oyun keçirib, 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ronaldo futbol tarixində rəsmi oyunlarda 901 qol vurmuş ilk futbolçudur. Ulduz hücumçu Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, Portuqalia yığmasında isə 132 qol vurub. Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və FIFA Klub Dünya Kubokunun ən sərrast futbolçusudur.