Bruno Fernandes “Mançester Yunayted”də antirekorda imza atdı

İngiltərə Premyer Liqasının 16-cı turunun “Vulverhempton”la səfər oyunu “Mançester Yunayted”in kapitanı Bruno Fernandes üçün uğursuz bitib.

Arena.az xəbər verir ki, portuqaliyalı futbolçu 16 ildən sonra klub tarixində uğursuzluğu təkrarlayıb.

Belə ki, o, cari mövsümdə Premyer Liqada üçüncü dəfə qırmızı vərəqə almaqla antirekorda imza atıb. Fernandes bu görüşün 18-ci və 47-ci dəqiqələrində sarı vərəqə aldıqdan sonra meydandan qovulub.

Xatırladaq ki, sonuncu dəfə “qırmızı şeytanlar”ın heyətində 2008-ci ildə Nemanya Vidiç bir mövsüm ərzində üç qırmızı vərəqə ilə cəzalanmışdı.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 27 oyun keçirib, 6 qol vurub, 10 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 260 oyun, 85 qol və 76 məhsuldar ötürmədən ibarətdir.

Portuqaliyalı futbolçu daha öncə “Novara”, “Udineze”, “Sampdoriya”, “Sportinq” kimi klubların da formasını geyinib.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 76 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 22 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” və Portuqaliya yığmaları ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın