Bruno Fernandes “Mançester Yunayted”in rekordçusu oldu

Premyer Liqanın 28-ci turunda “Evertona” qarşı ev oyunu “Mançester Yunayted”in portuqal yarımmüdafiəçisi Bruno Fernandes üçün əlamtdar olub.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, “qırmızı şeytanlar”ın 2:0 hesablı qələbə qazandığı oyunda kapitan Fernandes penaltidən vurulmuş qollar üzrə “Mançester Yunayted”in oyunçuları arasında rekord müəyyənləşdirib.

Sözügedən oyunun 12-ci dəqiqəsində Fernandes penalti zərbəsi ilə hesabı açıb. Beləliklə portuqal futbolçu “qırmızı şeytanlar”ın heyətində 29-cu dəfə penaltidən fərqlənib və bu, mütləq rekorddur. Əvvvəlki rekord isə 34 penalti zərbəsi cəhdindən 28-ni qol çevirmiş holland hücumçu Rud van Nistelroya məxsus idi.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro qarşılığında Lissabon “Sportinq”indən keçib. Portuqal yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “Mançester Yunayted”in heyətində bütün yarışlarda 37 oyuna 8 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Bruno Fernandes 2017-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 63 oyuna 19 qol vurub, 18 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal hücumameylli yarımmüdafiəçi Bruno Fernandesin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: