Bruno Fernandes “Mançester Yunayted”in rekordçusuna çevrildi

İngiltərə Premyer Liqasının 16-cı turunun “Mançester Siti” ilə oyunu “Mançester Yunayted”in kapitanı Bruno Fernandes üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, portuqaliyalı futbolçu “qırmızı şeytanlar”ın Mançester derbisində səfər oyununda 2:1 hesablı qələbəsinə penaltidən vurduğu qolla töhfəsini verib.

Bu, hücumameyilli yarımmüdafiəçinin “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqasında penaltidən vurduğu 21-ci qol olub. Fernandes müvafiq nəticəyə 25 cəhddə nail olub. Beləliklə, Fernandes, 28 cəhddən 20-də uğur qazanmış, “qırmızı şeytanlar”ın ingilis keçmiş hücumçusu Ueyn Runinin nailiyyətini geridə qoyaraq, mütləq rekord müəyyənləşdirib.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 24 oyun keçirib, 6 qol vurub, 10 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 257 oyun, 85 qol və 76 məhsuldar ötürmədən ibarətdir.

Portuqaliyalı futbolçu daha öncə “Novara”, “Udineze”, “Sampdoriya”, “Sportinq” kimi klubların da formasını geyinib.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 76 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 22 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” və Portuqaliya yığmaları ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: