Avropa Liqasının 1/4 finalının Lion “Olimpik”i ilə ilk oyunu “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes üçün düşərli olub.
Arena.az məlumat verir ki, 2:2 hesabı ilə başa çatmış səfər oyununda “qırmızı şeytanlar”ın kapitanı məhsuldar ötürmə ilə fərqlənib.
Bu, Fernandesin cari mövsümdə 34-cü səmərəli fəaliyyəti olaraq əlamətdardır. Fernandes cari mövsümdə meydana çıxdığı 47 oyunda ümumilikdə 16 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib. Müvafiq nəticə isə Avropanın böyük futbol beşliyi ölkələrinin klublarının yarımmüdafiəçiləri arasında ən yaxşı nəticədir.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq qeyd etdiyimiz kimi, cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 47 oyun keçirib, 16 qol vurub, 18 məhsuldar ötürmə verib.
Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 280 oyun, 95 qol və 85 məhsuldar ötürmədən ibarətdir.
Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 78 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 23 məhsuldar ötürmə verib.
Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.
“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


