Bruno Fernandes müstəsna nailiyyətə imza atdı

“Mançester Yunayted”in 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandes müstəsna nailiyyətə imza atıb.

Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, Fernandes İngiltərə Premyer Liqasında 50 məhsuldar ötürmə vermiş ilk portuqal futbolçu olub.

Fernandes müvafiq uğuruna İngiltərə Premyer Liqasının “Lester Siti” ilə 29-cu tur səfər oyununda müvəffəq olub. Fernandes “qırmızı şeytanlar”ın 3:0 hesablı qələbəsinə dübarə məhsuldar ötürmə və bir qolla töhfəsini verib.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 44 oyun keçirib, 16 qol vurub, 15 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 277 oyun, 95 qol və 81 məhsuldar ötürmədən ibarətdir.

Portuqaliyalı futbolçu daha öncə “Novara”, “Udineze”, “Sampdoriya”, “Sportinq” kimi klubların da formasını geyinib.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 76 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 22 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” və Portuqaliya yığmaları ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.