Bruno Fernandes MY azarkeşlərinə müraciət ünvanladı

“Mançester Yunayted”in portuqal yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes “qırmızı şeytanlar”ın azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az məlumat verir ki, portuqal futbolçunun müraciəti Erik ten Haqın “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsindən qovulması ilə bağlıdır:

“Hər şey üçün təşəkkür edirəm, başçı! Güvəninizi və birlikdə paylaşdığımız məqamları yüksək qiymətləndirirəm. Sizə gələcək üçün ən yaxşısını diləyirəm.

Son dövrənin hamımız üçün çox da uğurlu olmadığını bildiyimiz halda, ümidvaram ki, Siz, azarkeşlər məşqçinin klubumuz üçün etdiyi yaxşılıqları xatırlaya biləcəksiniz!”, – Bruno Fernandes özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Vurğulanır ki, Ten Haqın istefaya göndərilməsi klubun idarə heyətinin bütün üzvlərinin yekdil rəyi əsasında gerçəkləşib ki, bu məqam da niderlandlı mütəxəssisin öz etimadını tamamilə itirdiyi deməkdir.

Ötən gecə “Mançester Yunayted”in Premyer Liqanın 9-cu turu çərçivəsində səfərdə “Vest Hem”ə 1:2 hesablı məğlubiyyəti, klub rəhbərliyinin də səbrini tükədib. Nəticədə niderlandlı mütəxəssisin istefası barədə qərar qəbul edilib.

Xatırladaq ki, Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırırdı. Ten Haq “qırmızı şeytanlar”ı bütövlükdə 128 oyuna çıxarıb, 72 qələbə, 20 heç-heçə, 36 məğlubiyyət yaşayıb. Topların fərqi isə 234:180 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlamışdı. Halbuki, elə həmin dövrdə də niderlandlı məşqçinin işindən narazılıqlar vardı. Amma klub rəhbərliyi bu addımı ilə baş məşqçiyə dəstəyini nümayiş etdirmişdi. Göründüyü kimi, klub rəhbərliyinin Ten Haqa dəstəyi özünü doğrultmayıb, əksinə komandanı daha da geri salıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: