“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə çempionatının 2-ci turunda “İpsviç Taun”la matçda het-trik edib.
Arena.az xəbər verir ki, görüş “Mançester Yunayted”in 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu, Fernandesin “Mançester Yunayted” forması ilə üçüncü het-triki olub. Bununla da 31 yaşlı futbolçu klubun heyətində het-triklərinin sayına görə portuqaliyalı həmkarı Kristiano Ronaldo ilə bərabərləşib.
Bruno Fernandes 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, İngiltərə klubunun heyətində 2023-cü ildə Liqa Kubokunu, 2024-cü ildə isə İngiltərə Kubokunu qazanıb. Ötən mövsüm Fernandes İngiltərə çempionatının ən yaxşı futbolçusu seçilib.
41 yaşlı Kristiano Ronaldo isə “Mançester Yunayted”də iki ayrı dönəmdə – 2003-2009 və 2021-2022-ci illərdə çıxış edib. Portuqaliyalı ulduz karyerası ərzində “Sportinq”, “Real”, “Yuventus” və hazırda formasını geyindiyi “Əl-Nəsr” klublarında da oynayıb.
Ronaldo beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu və ikiqat Millətlər Liqası qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində qol sayına görə rekordçudur.


