“Mançester Yunayted”in portuqal yarımmüdafiəçisi Bruno Fernandes 2023 təqvim ilində Premyer Liqa oyunlarında 100 qol vəziyyəti yaradıb.
Arena.az bu barədə “Squawka” dərgisinə istinadən məlumat verir.
“Qırmızı şeytanlar”ın kapitanı bu göstəricidə İngiltərə çempionatının lideri olub. Vurğulanır ki, 2004/2005-ci il mövsümündə bu statistikanın hesablanmasına başlanandan bəri Premyer Liqanın yalnız bir futbolçusu belə nailiyyət əldə edib. 2015-ci ildə o vaxt “Arsenal”da çıxış edən alman yarımmüdafiəçi Məsut Özil 104 qol imkanı yaradıb.
Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro qarşılığında “Sportinq”dən keçib. Portuqal yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “Mançester Yunayted”in heyətində bütün yarışlarda 25 oyuna 5 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Portuqal futbolçunun “qırmızı şeytanlar”ın heyətində ümumi statistikası isə belədir: 210 oyun, 69 oyun, 59 qol.
Bruno Fernandes 2017-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 63 oyuna 19 qol vurub, 18 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal hücumameylli yarımmüdafiəçi Bruno Fernandesin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


