Bruno Fernandes qolu qeyd etmək haqda qaydanı tənqid etdi

“Mançester Yunayted”in portuqal hücumameylli yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes maraqlı açıqlaması ilə gündəmə gəlib.

Arena.az “The Times” nəşrinə istinadən məlumat verir ki, portuqal futbolçu oyunçuların qol vurduqdan sonra qolu qeyd etməsi ilə bağlı qaydaya yenidən baxılması və dəyişdirilməsi üçün cağırış edib.

Fernandesin bu çağırışına İngiltərə Kubokunun 1/4 finalında “Mançester Yunayted”in “Old Trafford”da “Liverpul”la oyununda (4:3) 120+1-ci dəqiqədə “qırmızı şeytanlar”ın qələbə qolunu vurmuş ivuarlı vingeri Amad Diallonun ikinci sarı vərəqəni alaraq, meydandan qovulması səbəb olub.

“Amad bu qola layiq idi, hər şeyi düzgün etdiyi üçün mükafatını aldı. Təəssüf ki, qovuldu, amma bu, bayram anının, gəncliyin bir hissəsidir.

Bu andan həzz almaq gərəkdir. Düşünürəm ki, bu, futbolun dəyişməli qaydalarından biridir. Çünki hər bir oyunçu qolu qeyd etmək imkanına malik olmalıdır. Təbii ki, rəqibə münasibətdə öz məqamından həzz almalıdır”, deyə Bruno Fernandes vurğulayıb.

Diallo qələbə qolunu vurduqdan sonra cuşə gələrək, köynəyini çıxardıb azarkeşlərə nümayiş etdirmiş və buna görə cəzalanmışdı.

Vurğulayaq ki, oyun zamanı köynəyi çıxarmağı qeyri-idmani davranış kimi qələmə verən FIFA, UEFA, həmçinin digər futbol qurumlarının əslində alt məqsədi var. Bu məqsəd futboldan çox kommeriya xüsusiyyətlidir və sponsorların ciblərinə xidmət edir. Oyunçulara futbol köynəklərini çıxarmağı yasaqlayan qayda və bunun müqabilində sarı vərəqə ilə cazalandırılmaları internet və televiziyanın sürətli inkişafı ilə üst-üstə düşür. Oyunların yayımı zamanı köyənklər üzərində adları və loqoları əks edilmiş sponsorlar futbolçunun qol vurub köynəyi çıxararması ilə vacib məqamda arxa plana keçmiş olur və tamaşaçı diqqətindən, həmçinin fotoşəkillərdən kənarda qalırlar. Bu isə itirilmiş milyonlar deməkdir. Odur ki, həmin milyonları xilas etmək üçün futbolda belə bir əcayib qayda qondarılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: